Azərbaycan Turizm Şurası öz işini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir. Şuranın VI iclasında sağlamlıq turizmi üzrə işçi qrupu yaradılıb, ekoturizm üzrə işçi qrupuna daxil ediləcək nümayəndələr haqqında müvafiq məlumatların 20 gün ərzində Turizm Şurasının sədrinə təqdim olunması qərara alınıb.
   Ölkə ərazisində Naftalan nefti, Duzdağ, Qalaaltı və digər unikal sağlamlıq turizmi məkanlarının böyük potensialı var. Xüsusilə Naftalan nefti ilə müalicə sovet dövründə geniş yayılaraq böyük şöhrət qazanmışdı. Heç təsadüfi deyil ki, indi də Naftalan nefti vasitəsilə müalicəyə ən çox Rusiya, Qazaxıstan, Ukrayna və digər MDB ölkələrinin vətəndaşları xüsusi maraq göstərirlər.
   Bu baxımdan ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi məqsədilə bu sahə üzrə işçi qrupunun yaradılması və Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi xüsusi önəm kəsb edir.
   Beynəlxalq səviyyədə tanınan həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq. MDB ölkələrində yaxşı tanınan Azərbaycanın sağlamlıq turizmi imkanları beynəlxalq sertifikatların əldə olunmasından sonra digər ölkələrin vətəndaşlarının da inamını qazanmış olacaq.
   Azərbaycan əsrarəngiz təbiətə, qoruq və milli parklara, cəlbedici kənd ərazilərinə, özünəməxsus adət-ənənələrə və zəngin mətbəx mədəniyyətinə, əsrlərdən soraq verən tarixi abidələrə malikdir. Eyni zamanda ölkəmiz özünün palçıq vulkanları ilə də dünyada məşhurdur. Azərbaycan dünya üzrə bu cür cəlbedici məkanları olan cəmi 20 ölkədən biridir. Hazırda Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 893 min hektardır. Turizm baxımından da önəmli olan qoruq və milli parklarımız ov heyvanları, qiymətli balıq və quş növləri ilə cəlbedicidir. Belə ərazilərin müəyyən hissəsi ekoturizm məqsədilə səmərəli istifadə edilə bilər. Bütün bu sadalanan resurslar ölkəmizi turistlər üçün daha da cəlbedici məkan kimi tanıtmağa imkan verir.
   Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı müəyyən tədbirlər nəzərdə tutulub.
   Ekoturizm üzrə işçi qrupu milli parklar boyunca məlumatlandırıcı işarələrin yerləşdirilməsi, milli parkların xəritələrinin hazırlanması və digər məsələlərin həllini nəzarətdə saxlayacaq.
   
   Fariz