Ötən həftə “Yuğ” Teatrının səhnəsi bu dəfə iki kitabın təqdimatı üçün açıldı. Burada ziyalıların, yazıçıların, sənət adamlarının iştirakı ilə görkəmli dilçi Kamal Abdullanın yeni kitabı və onun əsərlərinə həsr edilmiş daha bir əsər təqdim edildi.
   
   Kamal Abdullanın bugünlərdə nəşr olunmuş yeni kitabı «Dilçiliyə səyahət» adlanır. Azərbaycanın tanınmış dilçi alimlərindən olan Kamal Abdullanın elmi-populyar üslubda yazılmış bu kitabı eyni zamanda dilçi olmayanlar üçün son dərəcə maraqlı dilçilik elminin bir çox sirlərini açır. Kitab təksə professional səviyyədə dilçiliklə məşğul olan insanlar üçün deyil, sözlə bağlılığı olan hər kəs üçün maraqlıdır. Çünki elmi-populyar üslubda yazılmış “Dilçiliyə səyahət” kifayət qədər dramatik süjet xətti, son dərəcə dolğun fabulası baxımından bədii əsər kimi də oxuna bilər.
   
   Dilçiliyə səyahət
   
   Tədbirdə aparıcılıq edən «Yuğ» Teatrının direktoru Vaqif İbrahimoğlu da kitabı nəzərdə tutaraq dil faktorunu Allahın və təbiətin möcüzəsi adlandırdı. Bundan sonra isə o, təklif etdi ki, bu mərasim elə dilin gözəlliyini duymaq üçün “Yuğ” Teatrının hazırladığı bədii qiraət parçaları ilə açıq elan edilsin. Aktyorların ifasından sonra isə söz yazıçıya verildi. Kamal Abdulla bu təqdimatın müxtəlif fikirlərə ehtiyacı olduğu üçün keçirildiyini bildirdi. O, qeyd etdi ki, kitab yalnız dilçilər üçün nəzərdə tutulmayıb.
   Filosof Rəhman Bədəlov, tanınmış ziyalı Cavad Heyət, musiqişünas Kəmalə Cəfərli və digərləri də öz çıxışlarında kitabda toxunulan dil məsələlərinə, mövzusuna həm yazıçı, həm də elm adamının baxışlarını maraqlı və qeyri-adi sintezi kimi dəyərləndirdilər. Çıxışların ümumi mənzərəsində səslənən fikirlər belə oldu ki, «Dilçiliyə səyahət» kitabı bütün bü sənət növləri ilə maraqlanan insanlarımız üçün zamanında ərsəyə gəlmiş bir əsərdir. «Ən qədim dil kimindir?», «Dilin mənşəyi varmı?», «Dil İlahidən ərməğan kimi», «Füzuli, Tütçev və Folkner», «İbtidai insan və onun qədim dünyası», «Addan tarixə lağım», «Dil və şahmat oyunu» və s. kimi başlıqlar əsərin mövzu diapazonu, toxunulan mətləblər haqqında kifayət qədər təsəvvür yaradır.
   
   Türkiyədən nəşr
   
   Tədbirin ikinci hissəsində Ankara Kültür Ajansı tərəfindən nəşr edilmiş "Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində" tədqiqat əsəri də təqdim edildi. Bu yeni nəşr barədə isə müəllif özü, dilçi-türkoloq Mehman Musaoğlu məlumat verdi. O, qeyd etdi ki, bu kitabdan Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə və türk dilindən azərbaycancaya, eləcə də digər çağdaş türk dillərindən bir-birinə tərcümələr edən insanlarımız, türkoloqlar faydalana bilərlər. Bununla bərabər, əsərdən qardaş ölkənin universitet auditoriyalarında, tərcümə nəzəriyyəsi və praktikası kurslarının aparıldığı, konkret olaraq bir türk dilindən digər türk dilinə edilən tərcüməyə aid keçirilən dərslərdə istifadə edilməsi nəzərdə tutulub.
   Əsər həm də K.Abdullanın “Tarixsiz gündəlik” romanının dilçilik baxımından təhlilidir. Burada tərcümə nəzəriyyəsi, çevirmə və ya ədəbi mətn uyğunlaşdırılması qavramları, bu qavramların lüğətçiliklə bağlı istiqamətləri konseptual olaraq açıqlanır. Belə ki, kitabın üçüncü bölümündə Azərbaycan dilindən Türkiyə türkcəsinə və əksinə çevrilmiş ədəbi mətn təcrübələri kontekstində Türkcə-Azərbaycanca və Azərbaycanca-Türkcə özəl lüğət örnəkləri tərtib edilmişdir. Bu lügət örnəklərinin tərtib olunmasında alimin Azərbaycan dilindən Türkiyə türkcəsinə çevrilmiş mifoloji, folklor və bədii səciyyəli mətn parçalarından istifadə olunur. Kitabın birinci bölümündə müəllifin türk dilinə çevrilmiş əsərləri, xüsusilə də, "Tarixsiz gündəlik" romanının orijinal və tərcümə mətnləri ədəbi-linqvistik yeniliklər kontekstində türk dillərinin leksikası, sintaksisi baxımından təhlil olünür. Kitabın ikinci bölümündə yazıçının "Tarixsiz gündəlik" romanının orijinal mətnindən bir parça və türk dilinə çevrilmiş bütöv mətni yer alır.
   Tədbir çıxışlardan sonra təqdim edilən əsərlərlə bağlı olan diskussiyalarla sona çatdı.
   
   Sabutay