Yanvarın 30-da Akademik Milli Dram Teatrının və Azərbaycan Teatr Xadimləri İttifaqının kollektivi Fəxri xiyabanda Xalq artisti, görkəmli rejissor Tofiq Kazımovun məzarını ziyarət edib. 
   Teatr Xadimləri İttifaqının sədri, Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək, Tofiq Kazımovun Azərbaycan teatrının inkişafında rolundan danışıb. Qeyd edib ki, Tofiq Kazımov böyük rejissor, sənətdə öz dəst-xətti olan sənətkar kimi bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıları sevindirib: “Tofiq Kazımov quruluş verdiyi tamaşalarla bütün rejissorlardan fərqlənirdi, onlardan seçilirdi. Tofiq müəllim çox böyük sənətkarın ailəsində böyüyüb. Onun atası Səməd Mənsur teatr adamı və şair olmasaydı, bəlkə də Tofiq Kazımovu da başqa peşələr özünə cəlb edərdi”. 
   Vurğulanıb ki, 1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük rol oynayıb. Milli Dram Teatrının tarixində Tofiq Kazımov kimi böyük rejissorun olması bu sənət ocağının zənginliyidir: “Əgər Tofiq Kazımov kimi rejissorlarımız olmasaydı, bizim teatrımızın keçmişi, bu günü çox zəif görünərdi”.
   Görkəmli sənətkarın məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.