Yanvarın 26-da Muzey Mərkəzində Əməkdar artist, fotoqraf və karikaturaçı Bəhram Bağırzadənin “Art ın Boxes 2” (“Qutudakı incəsənət”) adlı fərdi sərgisinin açılışı oldu. 
   Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü olan müəllifin sərgisi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər sərgi ilə maraqla tanış oldular.
   Hər zaman rəsmiyyətdən qaçmağa çalışan Bəhram Bağırzadə bu dəfə də ənənəsinə sadiq qaldı. Sərgidən əvvəl jurnalistlərin suallarını cavablandıraraq bildirdi ki, Muzey Mərkəzində 111 əl işi nümayiş edilir: “Sərgi xeyriyyə məqsədi ilə açılıb. Əsərlərin əsas mövzusu qədim və müasir Bakıdır. İşlərdə şəhərimizin gözəlliyi əks olunub. Bu sərginin yaxın gələcəkdə Avstriya və Belçikada nümayişini planlaşdırırıq”.
   “Art ın Boxes 2” sərgisi qonaqları gündəlik həyatdan müvəqqəti olaraq uzaqlaşmağa və müəllifin yaradıcılıq fantaziyaları çərçivəsində onun sənət dünyasına səyahət etməyə imkan yaradır. Təqdim edilən hər bir əsərdə ziyarətçilər qədimliklə müasirliyi, zamanın məngənəsindəki insan duyğularının təsvirini görürlər. Müəllif əsərləri ilə reallığı məharətlə bədii məkana döndərir, bununla bərabər abstrakt installyasiyalar deyil, həyatın kiçik epizodlarını da yaradır. Bu, tamaşaçıya imkan verir ki, müəllifin ən incə və gözə görünməyən ideyalarını hiss etsin. Kiçik bir əsərdə insanı həyatı, hisləri, əməlləri haqqında düşünməyə, ani də olsa, reallığın sərt çərçivələrindən təcrid olunmağa çağıran müəllifin təqdim etdiyi qeyri-adi layihə tamaşaçılara müasir bədii ideyaları, yeni obrazları və mənaları təqdim edir. 
   Qeyd edək ki, Bəhram Bağırzadə 10 ilə yaxındır ki, Bakının yüz il bundan öncə çəkilmiş şəkillərindən ibarət kolleksiya toplayır. Eyniadlı sərgi ilk dəfə ötən il “1969” qalereyasında keçirilmişdi və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı. “Art ın Boxes 2” sərgisi yanvarın 31-dək davam edəcək. 
   
   Lalə Azəri