2 fevral Azərbaycanda Gənclər günüdür. Ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilən əlamətdar gün 20 ildən çoxdur ki, ölkə gənclərinin bayramı kimi silsilə tədbirlərlə qeyd olunur.
   Fevralın 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər gününə həsr edilmiş tədbir keçirildi. Filarmoniya və YAP Səbail rayon təşkilatının birgə təşkil etdiyi tədbirdə millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək gənclərə təbriklərini çatdırdı. Bildirdi ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması və təşəkkülü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclərə həmişə böyük qayğı göstərib. Bu siyasət sayəsində hazırda gənclər dövlət orqanlarında, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, mədəniyyət, təhsil, idman və digər sahələrdə uğurları ilə Azərbaycana başucalığı gətirirlər.
   Vurğulandı ki, ümummilli liderin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov gənclərlə bağlı görülən işlər və keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, Gənclər günü MDB və Şərqi Avropa məkanında ilk dəfə 1997-ci ildə Azərbaycanda qeyd edilib. Azərbaycandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də belə bir gün qeyd olunmağa başlandı. 
   Sonra YAP-ın yaranmasının 25-ci ildönümünə həsr edilmiş "Debat turniri"ndə qalib olan fəal gənclər mükafatlandırıldı.
   Tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış etdi. Konsertin bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev idi. Proqramda “Şerlok Holms və doktor Vatson”, “Briqada”, “Missiya yerinə yetirilməzdir”, “Karib dənizinin quldurları”, “Babək”, “Dədə Qorqud” və digər filmlərdən soundtreklər səsləndirildi.
   
   Fariz