Esse
   
   Şairlər, yazıçılar bir-birini bəyənmirlər. Elə şair, yazıçı olmayanlar da. Bəs bu işin əmması nədir? Çoxdandır ki, bu problemin kökünə varmaq niyyətindəyəm, amma düşüncələr aksiomanı sevmədiyinə görə daim parçalanmağa məhkumdur, ona görə də hər kəs həqiqiətini öz içində haqq-hesab edə bilir. Necə? Birincisi, şairlər bir-birini ona görə bəyənmir ki, onların həqiqətləri başqadır, həqiqət başqalaşanda isə zövqlər dəyişir. Çünki zövq həqiqətdən yaranır. Həqiqət məcbur edir ki, biz nəyəsə inanaq, inandan sonra isə təsdiqləyək. Təsdiqlədiyimiz bizim seçdiyimizdir. Bu mənada zövqlər yox, həqiqətlər müxtəlifdir. Keçək bir başqa tərəfə: Məsələn, kifayət qədər zövqlü adam tanıyıram ki, Əli Kərimi bəyənmir. Bunu onunla bağlamıram ki, o zövqsüzdür. O mənada razıyam ki, onların həqiqətlərinin növü fərqlidir. Bəs elə insanlar varmı ki, Şekspiri bəyənməsin, yaxud da Nizamini, Molyeri? Bəlkə də, yoxdur. Bu da ikibaşlı problemdir. Birinci dahidən hamıya pay düşür. Necə ki, sahiblənməsək belə, dünya hamımızındır, eləcə də Nizami, Şekspir, Molyer. İkinci bir tərəfdən biz özümüzü onların dahiliyinə inandırırıq. Bu bir qədər də bilirsiniz, nəyə bənzəyir, heç kəsin bilmədiyi bir dildə mahnı yazırsan, amma hamı oxuyur, zümzümə edir. Dahilik, də, məncə, belədir, dahinin dilini hamı bilir.
   Həqiqətlə bağlı başqa bir cəhət də var, o da imkan verir ki, bütün şairlər və yazıçılar öz əsrlərinin bədii gücünə inansınlar. Özünüzü yazı masasının arxasında təsəvvür edin. İçinizdə, bəlkə, özünüzün də hiss etmədiyiniz, lap gizli bir istək yaranır: “ən yaxşı”nı yazmaq. O sətirləri vərəqə düzürsən ki, onlar sənin ən dəqiq və ən həqiqi hesab etdiklərindir. Ona görə də bütün insanlar öz yazdıqlarına inanırlar, hesab edirlər ki, ən düzünü, ən yaxşısını yazıblar. Bu hal da əslində təəccüb yaratmamalıdır, ona görə ki, ondan yaxşısını bilsələr, yazardılar da! Əgər bu fikirlə bağlı sözümü ümumiləşdirsəm, belə demək olar: yaradıcılıq yaradıcıların həqiqətləridir. Əgər Allahı şair kimi təsəvvür etsək, Onun da yazdığı kitab da Qurani-Kərimdir. Qurani-Kərim də məlumunuzdur ki, Allahın həqiqiətləridir.
   Əsərlərdən imtina etmək məsələsinə gəldikdə isə söhbət bir qədər də məcrasını dəyişir. Fikrimcə, yazarlar ona görə imtina etmirlər ki, onların əvvəl yazdıqları zəif idi, indi yazdıqlarısa güclü, ona görə imtina edirlər ki, onların həqiqətləri dəyişir, yəni dünən bəyəndiklərini bu gün inkar edirlər.
   Dini kitabların da poetikası, musiqisi var, amma nəyə görə şeirin poetikliyi daha çox təsirli olur? Düşünürəm ki, dinin poetikası hamının tam bilmədiyi, amma təxmin etdiyi poetiklikdir. Şeirin poetikliyi isə hamının gördüyü, amma gözləmədiyi, fərqinə varmadığı poetiklikdir.    

   Fərid Hüseyn