Xəbər verdiyimiz kimi, ABŞ-ın Florida ştatında Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə birinci “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi keçirilir.
   Müsabiqənin təşkilatçısı bəstəkarın qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında Təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsifi Vivian Fanq Liunun köməyilə başlanıb.
   Müsabiqənin məqsədi istedadlı pianoçuların üzə çıxarılması və təbliği, həmçinin Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır. Müsabiqə iştirakçılara Nyu-Yorkun məşhur “Carnegie Hall” məkanında çıxış etməyə imkan yaradır. Musiqiçilər iştirak üçün öz çıxışlarını onlayn təqdim etməlidirlər. 
   Müsabiqənin sonunda münsiflər heyətinin seçdiyi qaliblərə pul mükafatları veriləcək. Qaliblər 2018-ci il noyabrın 17-də “Carnegie Hall”a mükafatlandırma mərasiminə və qala-konsertə dəvət ediləcəklər.