Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə 27 mart - 2 aprel tarixlərində İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə paytaxtımızda II Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək.
   “Testene Art Baku” festival-müsabiqəsi 7 nominasiya: vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçiriləcək. Münsiflər heyəti qismində Rusiyanın Xalq artisti Viktor Pelenyaqre, Rusiyanın və Tatarıstanın Xalq artisti Renat İbrahimov, Litva Musiqi Akademiyasının professorları Arturas Ankskauskas, Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak edəcəklər. Vokalçılar arasında Qran-pri mükafatının qalibinə Rusiyanın Xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.
   Qeyd edək ki, ilk dəfə 2016-cı ildə keçirilən “Testene Art” I Beynəlxalq festival-müsabiqəsində müxtəlif ölkələrdən iştirakçılar Azərbaycanın musiqi mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmuşdu. Azərbaycanlı ifaçıların çıxışları münsiflər heyətinin marağına səbəb olmuş, balaban ifaçısı Nicat Pələngov Qran-pri mükafatına layiq görülərək İtaliyada keçirilən müsabiqəyə vəsiqə qazanmışdı.