Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AİTF 2018”) keçiriləcək. 
   “Iteca Caspian” şirkətindən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AİTF” sərgisi bu il 17-ci dəfə reallaşacaq. Tədbirə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (DTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) tərəfindən də dəstək göstərilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyadan tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.
   İştirakçılar arasında Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır.
   “AİTF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır. 
   Ənənəvi olaraq, Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası sərgidə ayrıca stendlə təmsil olunacaq.