Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Abşeron rayon Xırdalan şəhər musiqi məktəbi Sumqayıt şəhərində “Milli naxışlar” adlı kompozisiya-konsert keçirib. Musiqi məktəbinin xalq çalğı alətləri orkestri və xorunun çıxışından öncə tədris ocağının direktoru, Əməkdar müəllim İkram Manafov layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, konsert proqramı bu il ərzində ölkəmizin regionlarında, eləcə də Türkiyə və Gürcüstanda dinləyicilərə təqdim olunacaq. 
   Konsertdə Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov və Şəfiqə Axundovanın əsərləri, muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   Sonda çıxış edən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov belə tədbirlərin keçirilməsinin böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək məktəbin kollektivinə gələcək işlərində yeni nailiyyətlər arzulayıb.
   * * *
   Xaçmaz Dövlət Rəsm Qalereyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş rəsm müsabiqəsi keçirilib. Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi və rayon Təhsil şöbəsinin dəstəyi ilə reallaşan müsabiqənin sərgisində rayonun gənc və istedadlı şagirdlərinin üç nominasiya (“Cümhuriyyətim”, “Abadlaşan şəhərim” və sərbəst mövzu) rəsmrləri nümayiş etdirilib. 
   Tədbirdə regional idarənin əməkdaşı F.Musayev, rayon Təhsil şöbəsinin əməkdaşı M.Abbasov və digər şəxslər iştirak edib. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib.
   * * *
   Quba rayon MKS-nin Mərkəzi kitabxanasında isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar maarifləndirici tədbir keçirilib. 
   MKS-nin direktoru Saməddin Nəsirov, Quba Dövlət Sosial-İqtisad Kollecinin kitabxana müdiri Səhranə Səfərova və digər çıxış edənlər Xalq Cümhuriyyətinin tarixi, Cümhuriyyət qurucularının fəaliyyəti haqqında danışıblar.