Martın 13-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi Kürdəmirdə Yel çərşənbəsi ilə bağlı şənlik keçirib.
   Muzeyin həyətində Novruzun atributları olan səməni, şamlar, milli şirniyyatlar, rəngli yumurtalar, meyvələrlə zəngin xonçalardan ibarət süfrə açılıb, tonqal qalanıb.
   Tədbiri regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Bahar bayramı - Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsindən, xalqımızın milli mənəvi dəyərlərinə sadiqliyindən danışıb, insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq aşılayan bu bayram münasibətilə iştirakçıları təbrik edib, alqış-dualarını çatdırıb. 
   Sonra söz gənclərə verilib. Onlar əcdadlarımızdan qalan gülməcələr, atalar sözləri, tapmacalar, bayatılar, bahara aid şeir və nəğmələr söyləyiblər. Kosa ilə Keçəlin meydana gəlişi, şux zarafatları şənliyə ayrıca ovqat qatıb. Halayçı qızların məzəli bayatıları, tonqal yörəsində halay çəkməsi də tamaşaçılar tərəfindən alqışla qarşılanıb. 
   Şənliyə toplaşanlar qara zurna, saz ifaçıları Mayıl Dəmirov və Əli Dağlaroğlunun səsləndirdiyi qədim el havalarının şux sədası altında rəqs ediblər. Sonda iştirakçılara xonçalardan bahar sovqatı paylanıb. 
   
   S.Qaliboğlu