Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında Novruz bayramı münasibətilə keçirilən silsilə tədbirlər barədə məlumat vermişdik. 
   Bu silsilədən daha bir tədbir İsmayıllı rayonu “Lahıc” tarix-mədəniyyət qoruğunda keçirilib. Milli ornamentlər və Novruz bayramına aid atributlar ilə bəzədilmiş məkan buraya gələn turistlərin xüsusilə marağına səbəb olub.
   Şamaxı rayonu İncəsənət məktəbinin “Buta” rəqs qrupu, Ağsu rayonunun el aşıqları, “Şirvan” (Şamaxı rayonu) və “Lahıc” (İsmayıllı) folklor qrupları və Qəbələ “ASAN Xidmət” könüllülərinin çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
   Bayram günlərində qoruğun fasiləsiz fəaliyyəti təmin edilib, qoruğa gələn 400-dən artıq yerli və xarici turist üçün ekskursiya xidmətləri göstərilib və Novruz adət-ənənələri ilə bağlı ətraflı məlumat verilib.