Novruz bayramı münasibətilə, respublikamızın digər bölgələrində olduğu kimi, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən də müxtəlif el şənlikləri təşkil edilib. Bərdə şəhər Heydər Əliyev parkında baş tutan tədbir iştirakçılara əsl bayram sevinci yaşadıb. Respublikanın tanınmış musiqiçiləri və rayonun bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. 
   Regional idarənin Yevlax şəhər nümayəndəliyi də Novruzu silsilə tədbirlərlə qeyd edib. Yevlax şəhər Tarix-diyarşünaslıq muzeyinin tədbirində şagirdlər Vətən, Bahar bayramı haqqında şeirlər söyləyiblər. 
   Tərtər rayon nümayəndəliyi də şəhərin mərkəzi meydanında Novruz bayramı münasibətilə tədbir keçirib. 
   * * *
   Baharın gəlişi münasibətilə Şəki Regional Mədəniyyət və Turizm İdarəsini əhatə edən şəhər və rayonlarda ümumşəhər tədbirləri keçirilib. Tədbirlərdə Novruzun simvolu sayılan bayram tonqalları şəhər və rayon icra hakimiyyətlərinin başçıları tərəfindən alovlandırılıb, el sənətkarlarının əl işlərindən ibarət sərgilər təşkil edilib, idmançılar, kəndirbazlar və pəhləvanlar bacarıqlarını nümayiş etdirib. Milli geyimli qızların ifasında rəqslər, bədii özfəaliyyət və folklor ansambllarının hazırladıqları maraqlı konsert proqramları, Kosa ilə Keçəlin duzlu, məzəli səhnəcikləri izləyicilərə xoş ovqat bəxş edib, “Ən yaxşı bayram xonçası” müsabiqələri keçirilib. 
   * * *
   Milli ruhumuzu və yaddaşımızı özündə əks etdirən Novruz Zaqatala rayonunda da ruh yüksəkliyi ilə qeyd olunub. Bayram münasibətilə "Zaqatala qalası”nın ərazisindəki geniş meydanda ümumxalq şənliyi keçirilib. Tədbirdə Zaqatala Dövlət Rəsm Qalereyasının sərgisi təşkil olunub. Sərgidə baharın gəlişini, Novruz bayramını, əsrarəngiz təbiəti əks etdirən rəsm əsərləri yer alıb.