Uca dağlar qoynuna sığınan Hamarat Lerik rayonunun qədim tarixi olan kəndidir. Keçmişdən gələn adət-ənənələrə, milli-mənəvi dəyərlərə kənddə böyük məhəbbət vardır. Burada kütləvi tədbirlərin gerçəkləşdiyi əsas məkan isə kənd kitabxanasıdır. 
   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir də maraqlı alındı. Tədbirə gələnlər öncə Cümhuriyyətin tarixi ilə bağlı kitab və dövri nəşrlərdən, şəkillərdən ibarət sərgiyə baxdılar. 
   Mövzu üzrə çıxış edən Hamarat kənd məktəbinin tarix müəllimi Şahin Hacıyev XX əsrin əvvəllərində olduqca mürəkkəb şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dünya tarixinin ən demokratik dövlət quruluşlarından biri olduğunu vurğuladı. 
   Kəndin ağsaqqal ziyalısı Paşa Allahverdiyev, həkim Aşur İmanov, Daster kənd məktəbinin müəllimi Tural Əliyev, Hamarat kənd məktəbinin direktoru Güloğlan Hadıyev və başqaları bildirdilər ki, müasir Azərbaycan Respublikası dövlətçilik tariximizdə silinməz iz qoymuş Xalq Cümhuriyyətinin varisidir. 
   Şair Vüqar Həmati Cümhuriyyətin 100 illiyi ilə bağlı yazdığı yeni şeirini oxudu. Tədbir məktəblilərin hazırladığı “Sənə min bir məhəbbət sinəmdə tutmuş məkan” adlı ədəbi-bədii kompozisiyası ilə tamamlandı. 
   
   Zəfər Orucoğlu
   Azərbaycan Jurnalistlər Birliyinin üzvü