Kinorejissor Oktay Mir-Qasımın yeni filmi Azərbaycanda yaşamış almanların həyatından, 1941-ci ildə üzləşdikləri sürgündən bəhs edir
   
   C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında daha bir filmin çəkilişləri yekunlaşıb. “Qisas almadan ölmə. Keçmişdən məktublar” adlı ekran əsərinin ssenari müəllifi və rejissoru, Xalq artisti Oktay Mir-Qasım bizimlə söhbətində hazırkı mərhələdə görülən işlərdən danışdı:
   
   “Montaj prosesi demək olar ki, yekunlaşıb. Filmin səsləndirmə mərhələsinə başlamışıq. Bildiyiniz kimi, filmin səsləndirilməsi bir çox texniki məsələlərlə bağlıdır. Burada əsas üç dil səslənir: Azərbaycan, alman və gürcü dili. Bundan başqa, rus və ingilis dillərində danışıqlar var. Ona görə dialoqların yazılmasında müəyyən problemlər meydana çıxıb. Dialoqları sinxronlaşdırmaq, filmdə rol almış gürcü və alman aktyorları yenidən Bakıya dəvət etmək həm də maliyyə tələb edən məsələdir. Yaxud hər aktyorun səsini gedib onun ölkəsində yaza bilərik”.
   Rejissor ümidvar olduğunu bildirdi ki, “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi bu məsələnin həllində onlara kömək göstərəcək.
   Filmdə qrafikadan da istifadə olunacaq. Rejissor deyir ki, filmdə qrafik görüntülərin inandırıcı olması mühüm şərtdir. Elə qrafik məqamlar var ki, texniki göstəricilərə görə onu Azərbaycanda etmək mümkün deyil: “Axtarışlar gedir. Ola bilsin ki, bu işi Moskvada, Kiyevdə və ya Praqada həyata keçirdik. Yerli mütəxəssislərlə də danışıqlar aparılır. Sonda ən münasib variant seçiləcək”.
   
   Ekran əsərinin mövzusu
   
   Film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İ.Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. Həmin dövrdə alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya İmperiyasının əyalətlərinə (Krım, Qafqaz) gələrək burada məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığından (indiki Almaniyanın Baden-Vürtemberq əyaləti) gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) saldılar. Sonra indiki Ağstafa, Şəmkir, Tovuz rayonları ərazisində alman yaşayış məntəqələri yarandı. Azərbaycan burada köç salmış almanların ikinci vətəninə çevrildi. Üç, dörd, hətta beş nəsil dəyişdi və həmin almanlar yerli əhali ilə qaynayıb-qarışdı. Oktay Mir-Qasımın sözlərinə görə, Azərbaycan xalqının tolerantlığı bu məsələdə önəmli rol oynayıb: “İki xalq arasında mədəniyyət mübadiləsi baş verdi, bir-birlərinin məişətinə yiyələndilər, doğmalaşdılar”.
   1941-ci ildə Sovet İttifaqı ilə Almaniya arasında müharibə başlayandan sonra Stalin rejimi Krım türkləri və Qafqazın bir sıra xalqları ilə yanaşı, almanları da yurd-yuvalarından didərgin saldı, o cümlədən Azərbaycanda yaşayan 20 minə yaxın alman sürgün olundu.
   
   Film didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur
   
   Rejissor filmin əvvəlində verilən yazını xüsusən qeyd etdi: “Film “didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur” sözləri ilə başlayır. Filmin başlanğıcında 1941-ci il, NKVD zabit və əsgərlərinin almanları köçürməsi əks olunub. Tapşırığa əsasən, 48 saat ərzində alman əhalisini Azərbaycandan sürgün etmək lazım idi. Sürgün yeri isə əsasən Qazaxıstanın çölləri idi. Bildiyiniz kimi, azərbaycanlıların da çox hissəsi oraya sürgün olunub. Siyasi, etnik bəhanələrlə və bəzən də arqumentsiz, dəlilsiz olaraq insanlar vətənlərindən uzaq düşüblər”.
   Filmdə o dövrün hadisələri ilə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər hadisələrin cərəyan etdiyi məkanlarda - Bakıda, Göygöldə (keçmiş Helenendorf), Gürcüstanda Tiflis şəhəri və Yuxarı Svanetiyanın ucqar dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb.
   
   Filmin əsas ideyası nədir?

   
   Süjet xəttini hələ açıqlamaq istəməyən O.Mir-Qasım filmin ideyası haqqında danışdı: “Mənim ali məqsədim insanların - Adəm və Həvva nəslinin birliyini, eyniliyini, doğmalığını bir daha sübut etməkdir. Bu ideyaya bir çox sənətkarlar müraciət edib. Mən də çalışdım, diqqət cəlb edən süjet əsasında ideyanı öz baxış bucağımdan, verdiyim qiymət nöqteyi-nəzərindən aşılayım.
   Rejissor Almaniya xalqı ilə bağlı mövzuların ona yaxın olduğunu bildirdi: “Atam Mir Əsədulla Mirqasımov alman dilini çox yaxşı bilirdi və alman klassik ədəbiyyatına dərindən bələd idi. Almaniyada dəfələrlə olmuşdu. Atamın təhsil almasında almanlar yaxından iştirak ediblər. O, Almaniya mədəniyyəti ilə bağlı insan olub. Uşaqlıqdan mən də alman dilini öyrənirdim. Həmçinin qohumlarımız arasında almanlar olub. Böyük qardaşımın həyat yoldaşı alman idi. Mən də özümü alman mədəniyyətinə yaxın hiss etmişəm. Bundan başqa, yazıçı Çingiz Ələkbərzadənin “Alman şərabı” adlı povestini oxuduqdan sonra almanların Azərbaycandakı yaşayış yerləri məni maraqlandırmağa başladı. Uzun zamandır ki, bu mövzu məni narahat edirdi və zaman-zaman ssenari üzərində işləyirdim. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında filmin çəkilməsi qərara alındı, film üzərində iş başlandı. Layihəyə xarici ölkələrdə də maraq yarandı. Məsələn, Rusiyada 40-dək ekran işinin yer aldığı müsabiqələrin birində mükafat alan 6 layihədən biri də “Qisas almadan ölmə. Keçmişdən məktublar” ssenarisi oldu. Nəhayət, filmi çəkməyə başladıq”.
   
   Beynəlmiləl yaradıcı qrup
    
   Filmdə müxtəlif ölkələrdən yaradıcı insanlar yer alıb. Rejissor Almaniyaya gedərək kastinqlər keçirib aktyor seçdiyini bildirdi: “Yaradıcı qrupda bir çox ölkələrdən - Azərbaycan, Gürcüstan, Almaniya, İsrail, Rusiya, Ukrayna, Belarus, Qazaxıstandan insanlar çalışıb. Rusiyalı operatorumuz Nikolay İvasiv ssenarini bəyəndiyindən və Bakıya valeh olduğundan qonorarda güzəştə getdi. Geyim üzrə üç rəssam çalışıb: Alla Qribova, Nato Kandelaki, Elfira Hüseynova. 1941-ci il almanların, azərbaycanlıların, ucqar kəndlərdə yaşayan gürcülərin geyimləri və müasir dövr geyim tərzini canlandırmaq böyük zəhmət tələb edirdi”. Filmin icraçı prodüseri Tərlan Babayev, rəssamı Vaja Calaqaniya, bəstəkarı Elmar Fel, qrim rəssamı Lina Çxikvaidzedir. Ekran əsərində azərbaycanlı aktyorlardan Xalq artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Füzuli Hüseynov, Sabir Məmmədov, Qurban İsmayılov, aktrisa Ayan Mir-Qasım, alman aktyorlardan Uilrix Rexenbax, Mixael Şvartsmayyer, Diter Hallervorden, gürcü aktyorlar Georgi Cabaridze, Revaz Tavarkviladze, Levan Boçorişvili, Toma Bulaşvili və digərləri çəkiliblər.
   
   Filmin adı dəyişdirilə bilər
   
   Rejissor sonda onu da bildirdi ki, “Qisas almadan ölmə. Keçmişdən məktublar” hələlik filmin şərti adıdır: “Adı dəyişmək haqqında düşünürəm. Çünki “qisas”, “ölüm” sözləri bir qədər intriqa yaradır. Təbii ki, tamaşaçı kütləsini cəlb etmək üçün bu, uğurlu ad sayıla bilər. “İcraçı. Keçmişdən məktublar” - belə bir ad üzərində də düşünürəm. Yəni adın ikinci hissəsi - “Keçmişdən məktublar” - saxlanılacaq. Çünki filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır. Bu, filmin əhəmiyyətli hissələridir. Filmin adı “Qisas almadan ölmə. Keçmişdən məktublar” olsa da, burada başqa yanaşma var. Kiçicik bədii yalana yer vermişəm. Filmin sonunda insan bu məqamı özü üçün açıqlayır və ümid edirəm ki, filmə baxanlar öz daxilində məhəbbət resurslarını kəşf edəcəklər. Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi, ağıla gəlməyən sonluqla bitir”.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar