Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Məmməd Araz poeziya günləri keçiriləcək. Layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı bildirib ki, üçüncü dəfə təşkil olunan Məmməd Araz poeziya günləri şairin anadan olmasının 85 illiyinə həsr olunub.
   Aprelin 20-də ilk tədbirin Qazax rayonunda keçirilməsi nəzərdə tutulur. Rayonun orta məktəblərinin şagirdləri arasında şairin şeirlərinin ən yaxşı ifaçısını müəyyənləşdirmək üçün müsabiqə keçirilib. Mərasimdə qaliblər təltif ediləcək. 
   Q.Əzizxanlının sözlərinə görə, bir neçə rayonda keçiriləcək silsilə tədbirlər M.Arazın doğum günü (14 oktyabr) ərəfəsində onun xatirəsinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi ilə yekunlaşacaq. 
   Şeir müsabiqəsinə əsərlərin qəbulu 2018-ci ilin 15 iyulunadək davam edəcək. Müsabiqəyə daha öncə çap olunmamış şeirlər qəbul edilir. İştirak üçün yaş məhdudiyyəti yoxdur. Şeirlər gardashxan.eziz@gmail.com elektron ünvanına göndərilə və ya AYB-nin Yaradıcılıq məsələləri üzrə katibliyinə təqdim edilə bilər.