AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfovanın “Anna Axmatova və Şərq” adlı kitabı çapdan çıxıb.
   
   Monoqrafiyada XX əsr rus ədəbiyyatının tanınmış nümayəndəsi, “Gümüş dövr”ün məşhur şairi Anna Axmatova və onun zəngin yaradıcılıq yolu haqqında məlumat verilir. Kitabda A.Axmatovanın əsərlərində qədim ənənələrə malik Şərq ədəbiyyatının təsiri, onun bu tükənməz söz xəzinəsindən yararlanması, Asiya və Afrika xalqlarının poeziya örnəklərindən etdiyi tərcümələr, çağdaş Şərq şairlərinin yaradıcılığına təsiri və bu kimi yeni məsələlər araşdırılıb. 
   Kitabın baş elmi məsləhətçisi və ön sözün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, elmi redaktoru Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyevdir. Müəllifin rus dilindən etdiyi tərcümələrin redaktoru Əlyazmalar İnstitutunun elmi işçisi Aytən İmanovadır.
   S.Qaliboğlu