Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova Varşavada Avropa Muzey Forumunun (EMF) "Avropanın ən yaxşı muzeyi 2018" mükafatı üçün təşkil etdiyi müsabiqə çərçivəsində "Muzey innovasiyaları" konfransında iştirak edib.
   “Avropanın ən yaxşı muzeyi 2018" mükafatına 40 namizəd muzey arasında Azərbaycan Xalça Muzeyi də olub. Konfransda Xalça Muzeyinin təqdimatı ən yaxşı, parlaq və yaddaqalan təqdimatlardan biri kimi qəbul olunub. Azərbaycan Xalça Muzeyi "Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə" sertifikatı ilə təltif olunub.
   Şirin Məlikova bildirib ki, muzeylərin əsas fəaliyyəti insanlarla işləmək və əhalinin müxtəlif təbəqələrini muzeylərə yalnız ziyarətçi qismində deyil, həm də muzey həyatının iştirakçıları qismində cəlb etməkdir: "Biz bu gözəl təcrübəni mənimsəməliyik və cəmiyyətin hər üzvü burada nə isə öyrənib təcrübə qazanmalı, özünü muzey həyatının, fəaliyyətinin bir hissəsi kimi hiss etməlidir".
   “Avropanın ən yaxşı muzeyi" mükafatı Avropa Muzey Forumunun əsas layihəsidir. Avropa Muzey Forumu muzeydə innovasiyanı təşviq etmək, Avropada qabaqcıl peşə təcrübəsi və fikir mübadiləsini asanlaşdırmaq üçün xeyriyyə fondu kimi Böyük Britaniyada qeydə alınmış müstəqil qeyri-kommersiya təşkilatıdır. EMF Avropa Şurasının himayəsi altında fəaliyyət göstərir və Avropa muzeylərinin sosial keyfiyyətinin inkişaf etdirilməsinə yönəlmiş aparıcı Avropa qurumlarından biridir.