Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovla görüş keçirilib. Tədbirdə Azərbaycan kinosunun 120 illik tarixi haqqında qısa məlumat verilib, videoçarx izlənilib, “Bəxt üzüyü” filmindən fraqment nümayiş etdirilib.

Sumqayıt Dövlət Dram Teatrının rejissoru Firudin Məhərrəmov Valeh Kərimovun yaradıcılığından, teatr tarixində xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən sənətkar yaradıcılığına göstərilən diqqətə görə görüş iştirakçılarına minnətdarlığını bildirərək həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollarından bəhs edib.

 

* * *

 

Qusar rayon Heydər Əliyev Mərkəzində Əməkdar artist, tanınmış rəqqasə Aliyə Ramazanova ilə görüş keçirilib.

Mərkəzin direktoru Neva Abdurahmanova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi David İbramxəlilov əslən rayonun Piral kəndindən olan Aliyə Ramazanovanın sənət yolundan söz açıb, sənətkar haqqında xoş sözlər söyləyiblər.

Tədbirin bədii hissəsində Aliyə Ramazanovanın tələbəsi Rəna Qafarlının ifasını  tamaşaçılar heyranlıqla qarşılayıblar. A.Ramazanova rayon məktəblilərinin ifalarını da izləyərək onlara müəyyən məsləhətlər verib.