AMEA-nın müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası may ayında Ağsu rayonunun Gəgəli kəndində yerli sakin Sahib Mirzəyevin həyətində 70 kvadratmetr sahədə arxeoloji kəşfiyyat qazıntısı aparıb.

Qazıntı zamanı 40 santimetr dərinlikdən başlayaraq şum işləri zamanı dağılmış təbəqənin qarışıq materialları və insan skeletlərinin qalıqları üzə çıxıb. Ümumilikdə 25 qəbir qeydə alınıb, onların bəzilərində bir neçə skeletə rast gəlinib.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, Nərgizava abidəsi eramızdan əvvəl III və eramızın III əsrlərində Qafqaz Albaniyasının Ellin-antik dövrlərinə dair bilgilər verir. Abidənin qəbirləri pilləli şəkildə dəfnlə xarakterizə olunur. Qəbirlərə dördqulplu saxsı maye qabı və digər saxsı su və yemək qabları qoyulub. Qablar Ellin dövrünə xas olan qırmızı oxra ilə rənglənib. Skeletlərin ətrafından müxtəlif rəngləri olan çaxmaqdaşılar da götürülüb. Dəmirdən xəncər, bıçaq, ox ucluqları və nizə ucluqları aşkar olunub. Əksər skeletlərin üzərində ocaq qalanması ayininin izlərinə rast gəlinib.

Antropoloq Vüsal Həsənov qeyd edir ki, qazıntının genişləndirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq. Qazıntı zamanı 9 saylı qəbirdən bir ədəd Parfiya sikkəsi də üzə çıxıb.

Qeyd edək ki, qazıntı mövsümündə Gəgəli kəndinin yaxınlığındakı Yasamal qobusunun kənarında 20 kvadratmetr sahədə yaşayış yerinin üzə çıxarılması istiqamətində də işlər görülüb. Həm nekropolda, həm də ehtimal olunan yaşayış yerində işlər hələ sona çatdırılmayıb. İşlərin yekunlaşdırılması üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun Nərgizava ekspedisiyasının yenidən ezam olunması nəzərdə tutulur.