“Azərbaycanfilm” kinostudiyasında yazıçı-publisist, millət vəkili Aqil Abbasın eyniadlı romanı əsasında rejissor Elxan Cəfərovun lentə aldığı “Dolu” bədii filmi dekabrın 6-da Moskvada nümayiş etdirilib.
   
   “Lyudmila Ryuminanın Folklor Mərkəzi” konsert salonunda keçirilən təqdimatı filmin bəstəkarı, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açaraq tariximizin ağır dövrünün real hadisələrini əks etdirən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən filmin yaradıcı heyətinə təşəkkürünü bildirib: “Dolu” filmi Qarabağ probleminə həsr edildiyinə görə biz bu filmi Moskvada, daha sonra Sankt-Peterburq və Yekaterinburqda nümayiş etdirmək qərarına gəldik, çünki bu film bizim Rusiyadakı diaspor üçün maraqlı olacaqdır”.
   Ssenari müəllifi Aqil Abbas filmin Rusiyada nümayişinin təşkilinə görə səfirliyə və şəxsən Polad Bülbüloğluna təşəkkürünü bildirib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında çəkilən film Azərbaycanda artıq təqdim edilib və uğur qazanıb: “Biz Azərbaycan kinematoqrafına töhfə vermək istəmişik. Bu ideyanı dəstəkləyənlərin hamısına təşəkkür edirəm”.
   Rejissor Elxan Cəfərov çıxışında vurğulayıb ki, yaradıcı qrup Qarabağ müharibəsi mövzusuna həsr edilmiş bu filmin ərsəyə gəlməsinə görə qürur duyur.
   Sonra film nümayiş olunub. Tamaşaçılar “Dolu”nu böyük maraq və həyəcanla qarşılayıblar.
   Dekabrın 7-də ekran əsəri Yekaterinburq şəhərində Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Ural filialının akt zalında nümayiş olunub. Bir gün sonra isə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğu və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) regional bölməsinin təşkilatçılığı ilə film Sankt-Peterburqdakı “Rodina” kinoteatrında təqdim edilib. Azərbaycanın baş konsulu Qüdsi Osmanov ekran əsərinin peşəkarlıqla çəkildiyini qeyd edərək gənclərdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan filmin çəkiliş qrupuna minnətdarlığını bildirib. Filmin nümayişi tam anşlaqla keçib.
   Qeyd edək ki, 2012-ci ildə ərsəyə gələn “Dolu” filmində əsas rollarda Xalq artisti Fuad Poladov, əməkdar artistlər Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov və başqaları çəkilib.