Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında görkəmli teatr rejissoru, aktyor, teatrşünas alim və pedaqoq Mehdi Məmmədovun 100 illik yubileyi münasibətilə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagird və müəllim heyətinin iştirakı ilə xatirə gecəsi keçirilib.

Kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycanın  teatr tarixinə parlaq səhifələr yazmış Mehdi Məmmədovun həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında məlumat verib.

Sumqayıt Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Firudin Məhərrəmov korifey rejissorun quruluş verdiyi tamaşalar, yetişdirdiyi tələbələr haqqında söz açıb, eləcə də sənətkarın son tələbələrindən biri kimi özünün xatirələrini danışıb.

Əməkdar artist Nizaməddin Bağırov Mehdi Məmmədovun müxtəlif teatrlarda səhnələşdirdiyi əsərlərdən söhbət açıb, Hüseyn Cavidin “İblis” faciəsindən Arifin monoloqunu və U.Şekspirin “Hamlet” əsərindən Hamletin monoloqunu söyləyib.

Tədbirdə iştirak edən 1 saylı məktəbin şagirdləri Mehdi Məmmədovun quruluş verdiyi Hüseyn Cavidin “İblis” faciəsindən bir parça nümayiş etdiriblər.