Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi növbəti səyyar seminar-treninqlər keçirir.

İyunun 27-də Kürdəmir regional mərkəz olmaqla İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarını əhatə edən mədəniyyət mərkəzləri və klub müəssisələri işçiləri üçün “Maddi və qeyri-maddi mədəni irsin yerlərdə qorunması və təbliği” mövzusunda səyyar seminar-treninq başlayıb.

Mərkəzin direktoru Ramazan Şabanov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov, mərkəzin direktor müavini Nəzakət Rəhmanova, tədris-metodika kabinetinin müdiri Aygün Hüseynova, səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova tədbirin açılışında iştirak ediblər.

40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninq iyulun 1-dək davam edəcək. Treninqə qeyd olunan rayonlar üzrə mədəniyyət mərkəzləri və klub müəssisələrinin 60 işçisi qatılıb.

Treninqi Bibiheybət Mədəniyyət mərkəzinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Fəridə Babayeva, Bakı Mühəndislik Universitetinin Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova, mərkəzin baş metodisti Samirə Cəlilova  və başqa mütəxəssislər aparırlar.