Lahıcda beynəlxalq elmi konfrans keçirilib

İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Prezident yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lahıc qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Folklor milli kimlik kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. O, Azərbaycan Cümhuriyyəti qurucularının 100 il öncə dövlət quruculuğu prosesində qarşılaşdıqları çətinliklərdən, 1920-ci il aprelin 28-dən sonra bir müddət Lahıcda qalmağa məcbur olan Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin qəsəbə sakinləri tərəfindən qorunmasından, habelə Lahıcın tarixindən, özünəməxsus mədəniyyətindən bəhs edib.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu “Xalq ədəbiyyatı və milli kimlik məsələləri” mövzusunda məruzə edib. O, Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərinin Lahıcda yazıldığına diqqət çəkib və qeyd edib ki, şifahi ənənəni yaşatmaq baxımından dünyanın nadir yerlərindən olan Lahıc həm də istiqlal mücadiləmiz baxımından da nadir bölgələrimizdəndir. Konfransın adına diqqət çəkən akademik vurğulayıb ki, folklorumuzda – bayatı, nağıl, dastan və s. mətnində ortaq düşüncə tərzi, ortaq danışıq tərzi var: “Bu, Rəsulzadənin millət mənasında söykəndiyi əsas mənbələrdən biri idi. O, yazır ki, xalq öz istiqlaliyyətinə süngülərlə yox, ədəbiyyat və incəsənətlə qovuşa bilər. Bunun da təməli yenə gəlib xalq mədəniyyətinə çıxır”.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərbaycan folklorunun təbliğində Bilik Fondunun rolu” mövzusunda məruzə edib, tədbirin əhəmiyyətini vurğulayıb.

Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev “Folklor və dövlət idarəçiliyi sistemi” adlı məruzə edib, folklorun həyatımızın hər sahəsində gərəkliyinə diqqət çəkib. 

Plenar iclasda Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Həmid Qaradəniz, Bilik Fondu Aparatının rəhbəri İsaxan Vəliyev, Misirin Bakıdakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi, Moskva Dövlət Universitetinin professoru İrina Kaçinskaya, Folklor İnstitutunun doktorantı, Lahıc orta məktəbinin müəllimi Dadaş Əliyev və başqaları çıxış ediblər.

Plenar iclasın sonunda akademik M.Kazımoğlu İsmayıllı ilə bağlı nəşrlər haqqında danışıb, İsmayıllıda multikulturalizm mövzusunda keçirilən konfrans materiallarının toplandığı “Gücümüz birliyimizdədir” adlı kitabı təqdim edib.

Daha sonra konfrans bölmələrdə davam edib, məruzələr dinlənilib.

Konfrans başa çatdıqdan sonra iştirakçıları Lahıc qəsəbəsi ilə tanış olublar.

S.QALİBOĞLU