“Qızıl Qlobus” mükafatının təqdimatı keçirilib
   
   ABŞ-ın Los-Anceles şəhərində 2013-cü ilin “Qızıl Qlobus” (“Golden Globe”) kino mükafatlarının təqdimat mərasimi keçirilib.
   
   Hollivudun yüzlərlə ulduzunun qatıldığı “Golden Qlobe” mərasimini “Oskar” mükafatının “məşq”i adlandırırlar. Çünki Hollivud Əcnəbi Media Assosiasiyasının “Qızıl Qlobus”la bağlı seçimi əksər hallarda Amerika Kino Akademiyasının seçimi ilə üst-üstə düşür.
   Beləliklə, “Ən yaxşı film/dram” nominasiyasının qalibi Ben Afflekin “Arqo” əməliyyatı” filmi olub. Ben Afflek “Ən yaxşı rejissor” adına layiq görülüb. Ötən il Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülmüş Avstriya rejissoru Mixael Hanekenin “Məhəbbət” kinolenti “Əcnəbi dildə ən yaxşı film” kateqoriyasında qalib gəlib.
   “Dramada ən yaxşı qadın rolu” nominasiyasının qalibi Cessika Çesteyn seçilib. Kristof Valts karyerasında ikinci dəfə “Qızıl Qlobus” alıb. O, Kventin Tarantinonun “Azad edilmiş Canqo” filmindəki roluna görə mükafatlandırılıb.
   Tarantinonun özü isə “Ən yaxşı ssenari”yə görə rəqiblərini üstələyib. Britaniyalı müğənni Adel “Skyfall” filmindəki mahnısına görə “Ən yaxşı saundtrek” kateqoriyasının qalibi olub. “Ən yaxşı musiqi” nominasiyasında kanadalı bəstəkar Maykl Dann (“Pinin həyatı” filmi) qalib gəlib.
   Hollivud Əcnəbi Media Assosiasiyasının 1944-cü ildən bəri təqdim etdiyi “Qızıl Qlobus” mükafatının kinematoqrafiya üzrə 14, televiziya üzrə 11 nominasiyası var.
   Bu arada Amerika Kino Akademiyası 2013-cü ilin “Oskar” mükafatına nominantların adlarını açıqlayıb. Dəfələrlə “Oskar” qalibi, məşhur rejissor Stiven Spilberqin “Linkoln” adlı yeni ekran əsəri 12 nominasiyada, o cümlədən “Ən yaxşı film” mükafatı uğrunda mübarizə aparır. Film Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti (1861-1865), sui-qəsd nəticəsində öldürülmüş Avraam Linkolnun həyatından bəhs edir. Enqa Pinin “Pinin həyatı” filmi 11 nominasiyada “Oskar”a iddiaçıdır. “Ən yaxşı film” nominantları sırasında M.Hanekenin “Məhəbbət”, B.Afflekin “Arqo” əməliyyatı”, K.Tarantinonun “Azad edilmiş Canqo” və s. ekran əsərləri var.
   Qeyd edək ki, bu ilin “Oskar” mükafatlarının qalibləri fevralın 24-də elan ediləcək.