Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və “Lorenzo de Medici” Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin müdiri, professor Nikola Lanerinin həmrəhbəri olduqları Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboy ərazisində tədqiqatlara başlayıb.

Beynəlxalq ekspedisiyanın tərkibinə İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin nümayəndələri, həmçinin müxtəlif arxeometrik sahələr üzrə Almaniya və Fransadan olan mütəxəssislər cəlb ediliblər.

Arxeoloji qazıntıların əsas obyektləri Gəncə şəhəri ətrafındakı Son Tunc-Erkən Dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkarlanmış İlk Tunc dövrünə aid kurqanlar olub.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova ilə görüşən N.Laneri tədqiqatların ilkin mərhələsinin yekunları barədə məlumat verib.

Bildirilib ki, Gəncə şəhəri ətrafında hələ 2015-ci ildə Azərbaycan arxeoloqları tərəfindən “GPS” cihazları ilə qeydə alınmış kurqanların müasir tələblərə uyğun tədqiqi və dünyada ilk dəfə bu ərazidə kurqanlardan ibarət nadir arxeoparkın təşkili tədqiqatların perspektivlərinə daxildir. Həmçinin Goranboy ərazisində müasir arxeoloji tədqiqatların tələblərinə uyğun İlk Tunc dövrünə aid kollektiv dəfnli kurqanın tədqiqatının ilkin mərhələsi yekunlaşıb.

İtaliyalı alim xüsusi vurğulayıb ki, arxeologiyada Kür-Araz mədəniyyəti problemləri kontekstində nadir təzahür olan kurqanaltı sərdabələr İlk Tunc dövrü üçün “Azərbaycan fenomeni” kimi dəyərləndirilməkdədir.