İyulun 11-də Naxçıvan şəhərinin 2018-ci il üçün “Gənclər paytaxtı” seçilməsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunan “Hünər” XII vətənpərvərlik mahnıları festivalının final konserti və qaliblərin mükafatlandırılması mərasimi olub.

Tədbirdə festivalın final mərhələsinə vəsiqə qazanan iştirakçıların ifaları dinlənilib. Muxtar respublikanın şəhər və rayonlarından olan 18-29 yaşlı gənclər solo və musiqi aləti ilə xalq və estrada mahnıları ifa ediblər. İfalar festivalın münsiflər heyətinin üzvləri Azərbaycanın xalq artistləri Mübariz Tağıyev, Eldar Mansurov və Əməkdar incəsənət xadimi Baba Vəziroğlu tərəfindən qiymətləndirilib.

Mükafatlandırma mərasimindən əvvəl çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov, Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış ediblər.

Vurğulanıb ki, festivalın keçirilməsi vətənpərvərlik ruhlu xalq və bəstəkar mahnılarının təbliğ edilməsi, bu sahədə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və vətənpərvərlik hislərinin yüksəldilməsi işində mühüm əhəmiyyətə malikdir.

Sonra ilk üç yeri tutmuş iştirakçılara diplomlar və mükafatlar təqdim olunub. Fərqlənən digər iştirakçılara diplomlar və xatirə hədiyyələri verilib.