Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində yay mövsümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Regional idarənin təşəbbüsü ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanası açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib. Uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, stolüstü və əyləncəli oyunlar oynayıblar.

Tədbirdə oxucular və şəhər sakinləri kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi ilə yaxından tanış olublar.

* * *

Mərkəzi uşaq kitabxanasının əməkdaşları kitabxanada təşkil edilmiş “yay məktəbi” üzvlərinin iştirakı ilə 40 saylı xüsusi təyinatlı nitqi qüsurlu “Lisan” körpələr evi-uşaq bağçasında səhərcik təşkil ediblər.

Kitabxananın əməkdaşı Leyla Mahmudova balaca fidanları nağıl qəhrəmanları ilə  tanış edib. “Yay məktəbi” üzvlərinin ifasında pianoda Qara Qarayevin “Altı uşaq pyesi”, “O olmasın, bu olsun” operettasından parça balacalar tərəfindən maraqla qarşılanıb. Kitabxananın əməkdaşı Leyla Mahmudova kukla səhnəcikləri nümayiş etdirib.

* * *

Dənizkənarı bulvarda isə əhalinin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Qubadlı rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evi birgə konsert təşkil edib. Mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin ifasında rəngarəng rəqslər, musiqilər, səhnəciklər təqdim olunub və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.