Fevralın 12-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” bədii filminin premyerası keçirildi. 

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev 2013-cü ilin ilk premyerası münasibətilə kino ictimaiyyətini təbrik etdi. Bildirdi ki, təqdim olunan film bir çox beynəlxalq festivallarda iştirak edib: “Filmin məhsuldar həyatının davamı geniş tamaşaçı kütləsinə təqdim olunduqdan sonra başlayır. Ümid edirəm “Çölçü” filmi tamaşaçı rəğbəti qazanacaq”.
   Daha sonra filmin yaradıcı qrupu səhnəyə dəvət olundu. Quruluşçu rejissor Şamil Əliyev çıxış edərək yaradıcı heyətə minnətdarlığını bildirdi: “Filmdə maraqlı aktyor heyəti var. Düşünürəm ki, filmi tamaşaçılar da bəyənəcək”.
   Ekran əsərinin ssenari müəllifi, həmçinin ata rolunun ifaçısı Vidadi Həsənov çəkilişlər haqqında danışdı: “Son illər kino sənətimizdə inkişaf gedir. İnanıram ki, bizim film də bu inkişafa imza atan növbəti filmlərdən olacaq”.
   Çıxışlardan sonra filmə baxış keçirildi. “Çölçü” bədii filmi mövzu və ideya baxımından fərqli ekran əsəridir. Köhnə və yeni dünya arasında olan münaqişədən bəhs edən filmdə iki gəncin sevgi münasibəti də yer alır. İnsan amilinin əsas götürüldüyü kinodramın quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyevdir. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcüstanlı aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.   

   R.İsayeva