Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu ilə birgə Qırğız-Türk Manas Universitetində “Bakıfilm” kinostudiyasının istehsalı olan “Xoca” bədii filminin təqdimat mərasimini keçirib.
   Mərasimi Qırğız-Türk Manas Universitetinin rektoru, professor Səbahaddin Balcı açaraq tarixən ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb, Xocalı qətliamı haqqında filmin yaradıcılarına təşəkkür edib.
   Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlham Zamanov Xocalı faciəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Diplomat bu faciənin XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət və soyqırımı kimi tarixə düşdüyünü bildirib.
   “Xoca” filminin ssenari müəllifi və rejissoru, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev ekran əsərinin çəkiliş prosesindən danışıb, filmdə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı qətliamı ilə bağlı lentə aldığı tarixi kadrlardan istifadə olunduğunu bildirib. Çıxışlardan sonra “Xoca” filmi nümayiş etdirilib.