İyulun 20-də Zərdab rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə Həsən bəy Zərdabinin ev-muzeyində dəyirmi masa keçirilib.

Rayon MKS-nin direktoru N.Əliyeva, H.Zərdabinin ev-muzeyinin direktoru V.Bayramova tədbirdə çıxış ediblər. Çıxışlarda görkəmli maarifpərvər alim Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda əsası qoyulan “Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximizdən söz açılıb, Həsən bəy Zərdabinin həyat və yaradıcılığından bəhs olunub.

Oxuculara xidmət şöbəsinin müdiri M.Səfərəliyevanın “Milli mətbuatımızın tarixi” adlı məruzəsi dinlənilib. Sonda iştirakçılar muzeydə nümayiş olunan eksponatlarla tanışlıq olublar.

* * *

Quba rayon MKS-nin Mərkəzi kitabxanasında da əlamətdar gün ilə əlaqədar “Milli mətbuatımızın tarixi” adlı maarifləndirici tədbir təşkil olunub.

MKS-nin direktor müavini Hüriyyə Sultanova çıxış edərək Azərbaycan mətbuatı xalqımızın milli şüurunun oyanmasında, milli birliyin, mədəniyyətin və maarifçilik ideyalarının inkişafında müstəsna rol oynadığını deyib.

Oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova mövzu ilə bağlı məruzə edib. Rayonun “Şəfəq” qəzetinin xüsusi müxbiri Gülnarə Laçınova çalışdığı mətbu orqanın fəaliyyəti haqqında məlumat verib, media təmsilçilərinə yaradılan şəraitdən danışıb.

* * *

Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanasında təşkil olunan “Azərbaycan mətbuatı bir tarixdir” adlı dəyirmi masada kitabxana işçiləri, Tarix-diyarşünaslıq muzeyinin işçiləri iştirak ediblər.

Mərkəzi kitabxananın direktoru S.Nağıyeva mövzu ilə bağlı məruzəsində qeyd edib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrə başlaması ilə əsası qoyulan milli mətbuatımız zaman keçdikcə dəyərini daha da artırır, bu gün özünün yeni inkişaf mərhələsini yaşayır.

* * *

Qax rayon MKS-də də milli mətbuatımızın yaranmasının 143-cü ildönümü ilə bağlı tədbir keçirilib. MKS-nin direktor müavini Ahidə Əfəndi mətbuat tariximizdən, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatından, görkəmli publisistlərindən, Cümhuriyyətin mədəniyyət tariximizə töhfələrindən söz açıb. Sonda o, kitabxana işçiləri adından rayonun “Şəlalə” qəzeti redaksiyasının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.