Qusar rayon MKS-nin təşkilatçılığı ilə Çiləgir kənd kitabxana filialı tərəfindən Urva kənd kitabxana filialı ilə birlikdə “Yay məktəbi” layihəsi çərçivəsində oxu günü keçirilib.

Çiləgir kəndinin istirahət mərkəzində açıq havada 500-dən artıq kitab, jurnal və qəzet 10 mövzu üzrə oxuculara təqdim olunub. Kitabsevərlər çay süfrəsi arxasında, rahat bir şəraitdə mütaliə ilə məşğul olublar.

Tədbirdə MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi David İbramxəlilov, digər çıxış edənlər mütaliənin  əhəmiyyətindən, kitabxanaların oxucularla daha sıx ünsiyyət qurmasının vacibliyindən bəhs ediblər.

Oxu günü ərzində Çiləgir kənd kitabxana filialına 18 nəfər yeni oxucu üzv yazılıb.

* * *

Qax rayon Cəfər Cabbarlı adına Mərkəzi kitabxanası da uşaqların yay tətilində mütaliənin təbliğinə xüsusi diqqət ayırır.

Mərkəzi kitabxana tərəfindən “Sən və mən kitabın ən yaxın dostuyuq!” və “Biz kitabla birlikdə yüksəlirik!” adlı layihələrə start verilib. Rayon mərkəzindəki “Gənclik” parkında mütaliə saatı təşkil edilib. Uşaqlar sevimli nağıl qəhrəmanları ilə bir daha tanış olublar.

* * *

Şəki şəhər MKS-nin V.İbrahim adına 9 saylı kitabxana filialı Heydər Əliyev Mərkəzi ilə birlikdə mütaliə həftəsi təşkil edib. Heydər Əliyev adına istirahət parkında gerçəkləşən mütaliə həftəsində (9-15 iyul) müxtəlif yaş qrupları üzrə oxucular, eləcə də şəhərə gələn xarici qonaqlar iştirak ediblər.

Azərbaycan şair və yazıçılarının əsərlərilə yanaşı, xarici ölkə yazıçılarının əsərləri, elmi-publisistik əsərlər, nağıl kitabları və jurnalların təqdim olunduğu mütaliə həftəsi böyük maraq doğurub.