Fevralın 23-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 21-ci ildönümü ilə anım mərasimi və "Xoca" filminin təqdimatı keçiriləcək.

“Xocalıya ədalət" kampaniyası çərçivəsində gerçəkləşən mərasimdə Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyinin əməkdaşları, diaspora nümayəndələri, Özbəkistan ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak edəcək.
   Tədbirdə səfiri Hüseyn Quliyev, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və başqaları çıxış edəcək.
Mərasimdə təşkil olunacaq sərgi və stendlərdə "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı faciəsinə dair hazırlanmış nəşrlər təqdim olunacaq, iştirakçılara "Bakıfilm" kinostudiyası tərəfindən çəkilən "Xoca" filmi nümayiş etdiriləcək.

   Qeyd edək ki, "Xocalıya ədalət" kampaniyası 2008-ci ildən İslam Konfransı Təşkilatının mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir.

Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, soyqırımına beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsidir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org internet saytı vasitəsilə aparılır.