İsmayıllı Rayon İcra Hakimiyyətində Yaponiyanın İto şəhərinə səfərə gedəcək məktəblilərlə görüş olub.

Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında imzalanan dostluq münasibətləri haqqında sazişə əsasən, hər il belə qarşılıqlı səfərlər təşkil olunur. Gündoğar ölkədə keçiriləcək festivalda iştirak etmək üçün İsmayıllı şəhər 6 saylı tam orta məktəbin ingilis dili müəllimi Leyla Əzimovanın rəhbərliyi ilə X sinif şagirdləri Nilufər Məmmədli və Şəfəq Qasımova avqustun 1-də yola düşüblər.

İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yüksək nailiyyətlərə görə 6 saylı tam orta məktəbin pedaqoji kollektivinə təşəkkür edib. Məktəblilərə səfəri səmərəli keçirmək, Yaponiya və xalqı barədə geniş bilgilər əldə etmək, habelə Azərbaycan və azərbaycanlılar, milli adət-ənənələrimiz haqqında həmyaşıdlarını məlumatlandırmaq tövsiyə edilib.