İrina Muravyovadan qadın xoşbəxtliyinin resepti
   
   Sovet kinosunun məşhur siması, Rusiyanın Xalq artisti İrina Muravyova. Həyat ondan, demək olar, heç nəyi əsirgəməyib. İstər şəxsi həyatda, istərsə də sənətdə.
   
   “Moskva göz yaşlarına inanmır”da Lyudmila, “Karnaval”da Nina Solomatina, “Ən cazibədar və cəlbedici”də Nadya Klyuyeva kimi tamaşaçı rəğbəti qazanan İrina Muravyovanın atası hərbçi mühəndis idi, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş həyat yoldaşı ilə müharibədə tanış olmuşdu. 1947-ci ildə İrinanın böyük bacısı, 1949-cu ildə sovet kinosunun gələcək ulduzu İrina Muravyova anadan olur.
   Aktrisanın xatirələrindən: “Anam çox tələbkar xanım idi. Evimizdə həmişə təmizlik və səliqə-sahman hökm sürürdü. Anam bizim üçün paltarlar tikdiyinə görə bacımla mən həmişə qəşəng geyinirdik. Məktəbdə də çox yaxşı oxuyurduq. Çünki “4” alanda anam bizi danlayırdı. Mən digər uşaqlar kimi konsertlərə, əyləncələrə getmirdim”.
   İrina Muravyova “ev uşağı” kimi böyüyür, küçəyə az-az çıxır, 9-cu sinfə qədər kuklalarla oynayırdı. O, uşaqları çox sevirdi, böyüyəndə müəllimə olmaq istəyirdi. Lakin 15 yaşına çatanda birdən-birə aktrisa olmaq fikrinə düşür. Orta məktəbi qurtardıqdan sonra sənədlərini teatr məktəbinə versə də, müsabiqədən keçə bilmir. 1967-ci ildə Mərkəzi Uşaq Teatrının dram studiyasına qəbul olur. Onun müəllimləri Anna Nekrasova, Sergey Sokolov, Gennadi Peçnikov olmuşdu. İrina studiyada təhsilini bitirdikdən sonra 1970-ci ildə həmin teatrda aktrisa kimi işləməyə başlayır. Gələcək həyat yoldaşı - teatrın rejissoru Leonid Eydlinlə də 1973-cü ildə burada tanış olur. Bu evlilikdən onların iki oğlu dünyaya gəlir. Yeri gəlmişkən, İrinanın ailəsinin bütün üzvləri fevral ayında anadan olub (2 fevralda həyat yoldaşı, 6 fevralda kiçik oğlu, 8 fevralda İrina özü, 15 fevralda böyük oğlu). 1974-cü ildə İrina Muravyovanın kinoda debütü başlayır və tezliklə böyük şöhrət qazanır. “Moskva göz yaşlarına inanmır” filmindəki Lyudmila roluna görə SSRİ Dövlət mükafatına layiq görülür.
   Aktrisa müsahibə verməyi sevmir. Bütün suallara qısa cavab verir. O, çəkildiyi filmlərdəki kimi şux deyil, həyatda ciddi və sakit insandır. Başqa aktrisalar kimi parlaq rollar üçün mübarizə aparmayıb, bu rolları həyat özü ona hədiyyə verib. Qadın xoşbəxtliyinin resepti nədədir sualına isə o, belə cavab verir: “Qadın xoşbəxtliyinin resepti məzlum, təvazökar, səbirli olmaqdadır. Bir də bacardıqca tez ailə həyatı qurmaqda”.
   
   Hazırladı: Səbinə Əlibalaqızı