İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində Xalq yazıçısı Elçinin romanı əsasında Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə lentə aldıqları “Mahmud və Məryəm” filminin təqdimatı olub.
   Premyerada iştirak edən Xalq yazıçısı jurnalistlərə müsahibəsində otuz bir il əvvəl qələmə aldığı romanın ekran həyatına qovuşmasından məmnunluğunu bildirib: “Romanda əksini tapan məsələlər öz aktuallığını qoruyur”.
   Yazıçı vurğulayıb ki, filmin Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə işi olması onun üçün xüsusi bir məna daşıyır: “Bu film Ana Vətənim ilə Ana Vətənim kimi sevdiyim Türkiyə tərəfindən müştərək çəkilmişdir. Onun premyerasının çox sevdiyim bir şəhər olan İstanbulda keçirilməsi də mənim üçün çox anlamlıdır”.
   Ekran əsərinin süjet xətti ilə bağlı sualı cavablandıran Xalq yazıçısı bildirib ki, eşq din tanımır. Eşq mənəvi təmizlik istəyir. Mənəvi təmizlik isə bütün dinlərdə var.
   Təqdimat mərasimində Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgür Özaslan, Azərbaycanın Türkiyədəki baş konsulluğu və ictimaiyyət nümayəndələri, filmin ssenari müəllifləri Yerkan Kahraman və Əşrəf Dinçer, quruluşçu rejissor Mehmet Ada Öztekin, aktyorlar Eva Dedova, Aras Bulut İynemli, Fəxrəddin Manafov, Tomris İncer, Cemal Hünal, Kristina Krepela, Mehmet Çevik, Polat Bilgin iştirak ediblər.
   “Mahmud və Məryəm” filmi martın 22-dən Türkiyənin kinoteatrlarında nümayiş etdiriləcək.