Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yaxın günlərdə bir neçə ekran əsərinin təhvil verilməsi nəzərdə tutulub. 
   Kinostudiyanın direktoru Müşfiq Hətəmov jurnalistlərə açıqlamasında deyib ki, əvvəlcə “Dərvişin ölümü” və “Qisas almadan ölmə” filmləri geniş ictimaiyyətə təqdim olunacaq.
   Kinorejissor, Xalq artisti Eldar Quliyevin “Dərvişin ölümü” filmi tarixi detektiv janrındadır. Ekran əsərinin çəkilişləri Salyanın “Ceyran düzü” ərazisində, Şəki, Pirəkəşkül və Bakıda aparılıb.
   “Qisas almadan ölmə” tammetrajlı bədii filminin ssenari müəllifi və quruluşçu rejissoru isə Xalq artisti Oqtay Mirqasımovdur. Filmin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması, bu zaman yaşadıqları faciənin əks-sədası üzərində qurulub. Çəkilişlər Azərbaycan, Gürcüstan və Almaniyada aparılıb.