Aprelin 1-də tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Əməkdar jurnalist Aqil Abbasın 60 yaşı tamam olub. Bu münasibətlə Nizami Kino Mərkəzində yazıçının eyniadlı romanı əsasında lentə alınmış “Dolu” tammetrajlı bədii filmi nümayiş etdirilib. Nümayişdən əvvəl bu ekran əsərinin yaradıcı heyəti səhnəyə dəvət edilib.
   Yazıçı-publisisti təbrik edən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov yubilyara yeni yaradıcılıq uğurları arzulayıb. Filmin rejissoru Elxan Cəfərov bu ekran əsərinin çəkilişində əməyi olanlara təşəkkür edib.
   Aqil Abbas Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığına işıq salan “Dolu” filmi haqqında məlumat verib. Qeyd edək ki, yubilyar Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Yazıçı bu yüksək mükafata görə dövlət başçısına minnətdarlığını bildirib.
   Sonda “Dolu” filmi nümayiş etdirilib.