Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədovun rəhbərlik etdiyi Gəncə-Göygöl arxeoloji ekspedisiyası Göygöl rayonunda arxeoloji qazıntı və çöl-tədqiqat işləri aparıb.

Əsas arxeoloji qazıntı işləri Göygöl rayonunun Quşqara bələdiyyəsi ərazisində, Gəncə şəhərində Heydər Əliyev parkına yaxın ərazidə, Gəncə-Şəmkir yolunun sağında, Quru Qobunun sol tərəfində, Quşqara bələdiyyəsi ərazisindəki kurqantipli qəbirlərdə aparılıb. Qazıntıların nəticələri göstərir ki, əslində kurqan kimi təqdim olunan abidələr sadəcə kurqantipli qəbirlərdir və Azərbaycanın Son Tunc dövrü köçəri tayfalarının adət-ənənələrini, həyat tərzini əks etdirir.

Ekspedisiya tərəfindən ətraf ərazilərdə də arxeoloji kəşfiyyat işləri aparılıb. Rayonun Yeni Göyçə kəndindəki alban məbədində aparılan arxeoloji tədqiqatlar məbədin IV-V əsrlərdə tikildiyini, lakin XIX əsrdə abidədə yenidən bərpa işləri aparıldığını söyləməyə əsas verir.

Arxeoloji tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulur.