Həmin gün Nizami Kino Mərkəzində Belarus kinematoqrafçılarının cizgi filmləri də nümayiş olunub. Nümayişdən öncə jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə balaca tamaşaçılara Belarus multiplikatorlarının istehsalı olan 5 yeni cizgi filminin təqdim olunacağını bildirib: “Uşaqlar cizgi filmlərini çox sevirlər. Bu filmlər onların tərbiyəsində də böyük rol oynayır. Çünki hər bir cizgi filmi bir ibrətamiz hekayəni təsvir edir. Bu filmlərin qəhrəmanları uşaqları xeyirxahlığa, dostluğa çağırır».
   Nizami Kino Mərkəzinin zalını doldurmuş balaca seyrçilər Belarus nağıl qəhrəmanlarının macəralarını təsvir edən «Nesserka-5» və «Nesserka-6» ikihissəli cizgi filmini, «Musiqi sandığı», «Ötən illər haqqında poema», «Quşlar», «Kəsəyən» filmlərini maraqla izlədilər.
   * * *
   İyunun 6-da Belarus kinematoqrafçılarının daha bir ekran əsəri - «Belmondonun oğurlanması» bədii filmi tamaşaçılara təqdim olundu. 2012-ci ildə komediya janrında çəkilmiş filmin rejissoru Nikolay Knyazevdir.
   
   Fəxriyyə