“YARAT!” Müasir İncəsənət Məkanı “Future Shorts” qısametrajlı filmlər festivalının 2013-cü ilin yaz mövsümünün açıldığını bildirir və festivalın 10 illik yubileyini qeyd edir. 
   Dünyanın ən nəhəng kino bayramında 90 ölkə, 325 şəhər, 5 qitə təmsil olunur və festival zamanı 1700 nümayiş keçirilir.
   “YARAT!” Müasir İncəsənət Məkanından bildiriblər ki, artıq 10 ildir dünyanın ən möhtəşəm məkanlarında heyrətamiz qısametrajlı filmləri nümayiş etdirməklə və istedadlı rejissorları dünyaya təqdim etməklə, “Future Shorts” festivalı geniş tamaşaçı auditoriyası cəlb edib.
   Festivalın təsisçisi və direktoru Fabyen Riqal qeyd edib ki, layihə əvvəlcə qısametrajlı film rejissorları və kino həvəskarları üçün vahid platforma yaratmaq məqsədilə təşkil edilmişdi, lakin mövsümdən-mövsümə populyarlaşaraq möhtəşəm mədəniyyət tədbirinə çevrilib. Festivalın 2012-2013-cü il qış mövsümü çərçivəsində sualtı qayıq, snoubord kurortları, rəsm qalereyaları, dondurma kafeləri, restoranlar, sərgi salonları və barlar kimi müxtəlif məkanlarda 25 mindən artıq nümayiş təşkil olunub.
   “Future Shorts”un 2013-cü il yaz mövsümü çərçivəsində - aprel-may aylarında qüssə və kədər, sevinc və yaşam yaddaşı, əziz xatirələrdən uzaqlaşma hisslərini təsvir edən 6 qısametrajlı filmin nümayişi nəzərdə tutulub. Bakıda filmlərin nümayişi iyunun 21-də “Park Cinema”da, iyunun 22-də “Metro Park”da reallaşacaq.