Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Dərvişin qeydləri” bədii filminin geniş ictimaiyyətə təqdimatı 2 Avqust - Milli Kino Günündə gerçəkləşəcək. Bu barədə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Yeni ekran əsərinin premyerası Nizami Kino Mərkəzində keçiriləcək.
   
   Tanınmış rejissor, Xalq artisti Eldar Quliyevin quruluş verdiyi “Dərvişin qeydləri” filminin çəkilişləri 2012-ci ildə başlanmışdı. Kinolentin ssenari müəllifləri Eldar Quliyev və yazıçı İlqar Fəhmidir.
   Tarixi detektiv mövzuda olan filmdə xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Pərviz Məmmədrzayev və başqaları rol alıblar. Filmin bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
   Çəkilişlər Salyanın “Ceyran düzü” ərazisində, Şəkidə, Pirəkəşkül qəsəbəsində və Bakıda, kinostudiyanın pavilyonlarında gerçəkləşib.
   
   Milli Kino Mükafatı təqdim ediləcək

   
   Kinematoqrafçılarımızın peşə bayramı günündə Milli Kino Mükafatı da təqdim olunacaq. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi mükafat bu il görkəmli aktyor, qocaman sənətkar, Xalq artisti Ələddin Abbasova təqdim ediləcək. Xatırladaq ki, ittifaqın ötən il təsis etdiyi Milli Kino Mükafatının ilk laureatı unudulmaz aktyor, Xalq artisti Yaşar Nuri olmuşdu.
   
   \"Azərbaycanfilm\"in yubileyi münasibətilə fotosərgi
   
   Milli Kino Günü ərəfəsində daha bir tədbir isə iyulun 26-da Muzey Mərkəzində gerçəkləşəcək. Burada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə \"Azərbaycanfilm\" kinostudiyasının 90 illik yubileyinə həsr edilmiş fotosərgi açılacaq. Sərginin təşkilində fotoqraf-rəssam, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin arxivindən istifadə edilib.
   
   “Qisas almadan ölmə” payızda ekrana çıxacaq
   
   “Azərbaycanfilm” kinostudiyasında yeni istehsal olunan daha bir ekran əsərinin kinorejissor, Xalq artisti Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filminin təqdimatı isə payızda olacaq. Kinostudiyanın direktoru Müşfiq Hətəmovun bildirdiyinə görə, filmin post-prodakşn işləri İsrail kino şirkətində aparılıb.
   Ekran əsəri Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza köçərək məskunlaşırlar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf qəsəbəsini (indiki Göygöl şəhəri) salırlar.
   Filmdə məktublar, etiraflar, xatirələr, insanın hiss və yaşantıları yer alır. Ekran əsərinin intriqa yaradan adının mənası sonda aydın olur. Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir.