Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Ukraynanın Yalta şəhərində “Birlikdə” XIV Beynəlxalq telekinoforumda iştirak edəcək. Forum sentyabrın 5-dən 11-dək keçiriləcək. 
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış ekran əsərinin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
   Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
   Gənc çölçü şəhər mühitindən uzaqlarda, təbiətin qoynunda, onunla sıx təmasda yaşayır. Atası çöl həyatının bütün incəliklərini ona öyrədir. Atasının ölümündən çox keçməmiş o, qəsəbədən gəlmiş bir qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni bir səhifə, indiyədək tanımadığı yaşam tərzinə doğru atılmış böyük bir addımdır.
   Ekran əsəri indiyədək Düşənbə, Almatı, Qahirə, Ankara və digər şəhərlərdə keçirilən beynəlxalq festivallarda iştirak edib.