Sentyabrın 14-də “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Yaşıl Teatrın böyük ekranında dünyanın ən böyük qısametrajlı film festivalı - “Future Shorts” çərçivəsində ekran əsərləri nümayiş etdiriləcək.
   “YARAT!” Müasir İncəsənət Məkanından bildiriblər ki, “Future shorts” dünyanın 90 ölkəsində, 300 şəhərində keçirilən və 1400 nümayişdən ibarət ən nəhəng qısametrajlı filmlər festivalıdır.
   “Future Shorts” və “Secret Cinema” festivallarının yaradıcısı və interaktiv tədbirlərin təşkili ilə məşğul olan “Future Cinema” şirkəti bu il iyulun 29-da “Future Shorts” festivalının yay mövsümünü açıq elan edib.
   Artıq 10 ildir ki, dünyanın ən möhtəşəm məkanlarında insanları cuşa gətirən qısametrajlı filmləri və onların rejissorlarını geniş ictimaiyyətə təqdim edən “Future Shorts” festivalı Finlandiyadan Meksikayadək, Monqolustandan Qazaxıstanadək böyük tamaşaçı auditoriyasını özünə cəlb etməyə müvəffəq olub. “Future Shorts” festivalının 2013-cü ilin yay mövsümü proqramında dünyanın müxtəlif ölkələrindən seçilmiş və tənqidçilərin rəğbətini qazanmış 6 film öz əksini tapıb.
   Rejissor Franses Bodomonun “Boneshaker” (“Sarsıntı”, ABŞ, 2012) filmində Amerikada azmış Afrika ailəsinin mücadiləsi təsvir olunub. Viktor Kerrinin “La Huida” (“Qaçış”, İspaniya, 2013) filmi müəyyən hadisənin müxtəlif nöqteyi-nəzərdən və prizmadan təhlil olunmasından bəhs edən bir tapmacadır. Sara Qunnarsdottirin “The Pirate of Love” (“Məhəbbət qulduru”, İslandiya, 2013) cizgi filmi həvəskar musiqiçi haqqındadır. Rejissoru Ventura Durall olan “The Hidden Smile” (“El somriure amagat”, “Gizli təbəssüm”) filmi uşaqların qurduğu cəmiyyətdə hökm sürən dəyərlər haqqında real hekayəni nəql edir.