Siyasi Sənədlər Arxivində sərgi
Noyabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib.
Arxivin direktoru Elmira Ələkbərova bildirib ki, ölkəmizdə multikulturalizm dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2016-cı il avqustun 30-da imzaladığı “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam da bunun bariz göstəricisidir. Siyasi Sənədlər Arxivi də bu sərəncamdan irəli gələn məsələlərlə bağlı tədbirlər həyata keçirir.
Diqqətə çatdırılıb ki, təqdim olunan sərgi arxivdə qorunub saxlanılan, alman kolonistlərinin iqtisadi-sosial vəziyyətini əks etdirən sənədlər, kitablar, Alman-Azərbaycan Cəmiyyətinin təqdim etdiyi fotoşəkillər əsasında təşkil edilib.
Sərgidə almanların Cənubi Qafqazdan deportasiyası ilə bağlı SSRİ-nin daxili işlər komissarı Beriyanın Azərbaycan SSR daxili işlər naziri Yaqubova göndərdiyi 1941-ci il 11 oktyabr tarixli, 001487 saylı əmr və deportasiyanın həyata keçirilməsi üçün təlimat, II Dünya müharibəsində alman millətindən əsir düşmüş şəxslərlə bağlı sənədlərdən nümunələr, 1945-ci il mayın 8-dən 1950-ci il yanvarın 5-dək əsirlikdə olmuş Villi Deşin gündəliyi nümayiş olunub.
Diqqətə çatdırılıb ki, bu sənədlər tədqiqatçılar üçün açıqdır.