Oktyabrın 30-da Almaniyanın Mannheim şəhərində Mannheim-Heidelberg beynəlxalq kinofestivalı başlanacaq. Festivalda Azərbaycanı rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi təmsil edəcək.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
   Gənc çölçü şəhər mühitindən uzaqlarda, təbiətin qoynunda, onunla sıx təmasda yaşayır. Atası çöl həyatının bütün incəliklərini ona öyrədir. Atasının ölümündən çox keçməmiş o, qəsəbədən gələn bir qızla tanış olur. Bu tanışlıq onun həyatında yeni səhifə, indiyədək tanımadığı yaşam tərzinə doğru atılmış bir addımdır.
   “Çölçü” bədii filmi indiyədək Anapa, Xabarovsk, Kazan (Rusiya), Düşənbə, Almatı, Tallin, Qahirə, Ankara, Tbilisi və digər şəhərlərdə keçirilən kinofestivallarda iştirak edib və bir sıra mükafatlara layiq görülüb.