Şabran rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dram dərnəyinə “Xalq teatrı” adı verilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Əhməd Səmədov açaraq rayonun tarixindən, mədəni müxtəlifliyindən, dərnəyin fəaliyyətindən danışıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Şabran dram dərnəyinə “Şabran Xalq teatrı” adı verilib. O, müvafiq diplomu teatrın rəhbəri Cabir Əmrahova təqdim edib, kollektivə təbriklərini çatdırıb. Bildirib ki, Şabran dram dərnəyi regionda “Xalq teatrı” adı almış ikinci belə kollektivdir.

Sonra Şabran Xalq teatrı tərəfindən İlyas Əfəndiyevin əsəri əsasında hazırlanmış “Hökmdar və qızı” adlı tamaşa (quruluşçu rejissor Cabir Əmrahov) nümayiş etdirilib.

Sonda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu əlamətdar hadisə münasibətilə təbriklərini çatdıraraq Xalq teatrının bir neçə üzvünə fəxri fərmanlar təqdim edib.