Mir Mehdi Seyidzadə haqqında biblioqrafik kitabın və elektron məlumat bazasının təqdimatı
Dekabrın 4-də Azərbaycan Milli Kitabxanasında “Mir Mehdi Seyidzadə: biblioqrafiya” kitabının və “Mir Mehdi Seyidzadə - 110” adlı elektron məlumat bazasının təqdimatı keçirildi.
Görkəmli şair, dramaturq, Əməkdar incəsənət xadimi Mir Mehdi Seyidzadə (1907-1976) haqqında biblioqrafiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası üzrə nəşr olunub.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Mir Mehdi Seyidzadənin ölkəmizdə uşaq dramaturgiyasının yaranması və inkişafında rolundan, rəngarəng poeziyasından söz açdı. Onun əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatının əhəmiyyətli dərəcədə zənginləşdiyi vurğulandı.
Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək nəşrin özəlliyindən danışdı. Diqqətə çatdırdı ki, biblioqrafiyada şairin 1925-2017-ci illərdə dərc edilmiş əsərləri və onun haqqında yazılan materiallar əhatə olunub. Göstərici ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. O, kitabxana tərəfindən silsilə şəklində uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən Firidun bəy Köçərli, Abdulla Şaiq, Abbas Səhhət, İlyas Tapdıq haqqında biblioqrafiyaların hazırlandığını, bu işin davam etdiriləcəyini dedi.
Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov son illərdə Respublika Uşaq Kitabxanası tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu dedi. Şöbə müdiri Mir Mehdi Seyidzadənin həyat və fəaliyyəti haqqında fikrilərini bölüşərək biblioqrafiyanın ədibin irsinin tədqiqi baxımından əhəmiyyətli mənbə olacağını vurğuladı.
Kitabın rəyçisi, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, ədəbi tənqidçi, professor Vaqif Yusifli, şair, filologiya üzrə elmlər doktoru Zahid Xəlil, şair Qəşəm İsabəyli, Əməkdar mədəniyyət işçisi Azər Hüseynov, S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova, nəşrin tərtibçilərindən biri, kitabxananın şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Nazilə Tahirova və digər çıxışçılar şairin uşaq psixologiyasını yaxşı bildiyini qeyd etdilər. Bildirildi ki, balacaların zövqünü oxşayan, uşaqların tərbiyələnməsində mühüm rol oynayan şeirləri olan M.M.Seyidzadə qəzəl ustadı kimi də tanınıb, tərcüməçi olaraq fəaliyyət göstərib. Müəllifin şeirlərinə bəstələnmiş mahnıların xalq tərəfindən sevildiyi vurğulandı.
Tədbirdə həmçinin xanəndə, Əməkdar artist Firuz Səxavətin ifasında şairin qəzəlləri üstündə muğamlar səsləndirildi.
Şairin ailə üzvləri çıxış edərək nəşrin hazırlanmasına görə Mədəniyyət Nazirliyinə və Respublika Uşaq Kitabxanasına təşəkkürlərini bildirdilər.
Sonda “Mir Mehdi Seyidzadə - 110” elektron məlumat bazası təqdim olundu.
LALƏ