Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tərtər rayon Uşaq musiqi məktəbinin 50 illik yubileyi qeyd olunub. Tədbirdə Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində məktəbin yeni binasının istifadəyə verildiyi, burada tədris üçün yüksək şəraitin yaradıldığı diqqətə çatdırılıb.

Məktəbin bir qrup işçisi göstərdikləri səmərəli xidmətə görə regional idarə tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub. Məktəb kollektivinin hazırladığı konsert proqramı təqdim edilib.

* * *

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin baş meydanında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumşəhər bayram tədbirlərinə start verilib. Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə bayram tədbirlərində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Gəncə teatrının aktyorları (Şaxta baba və Qar qız), Kukla teatrı aktyorları (nağıl qəhrəmanları) iştirak edirlər.

* * *

Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbinin şagirdlərdən ibarət ansamblı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində konsert proqramı ilə çıxış edib. Cəbrayıl şəhər Uşaq musiqi məktəbinin kollektivi isə işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində “Qayıdış” istirahət parkının açılışında çıxış edib. Xoş təəssürat yaradan tədbirdə N saylı hərbi hissənin əsgərləri də iştirak ediblər.

* * *

Kürdəmir Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Füzuli Dövlət Dram Teatrı qarşıdan gələn bayramlar münasibətilə N saylı hərbi hissədə maraqlı proqramla çıxış edib. “Yeni il sərgüzəştləri” adlı tamaşa, teatrın aparıcı aktyor və aktrisalarının ifasında səslənən bayram əhval-ruhiyyəli mahnı və rəqslər, Şaxta baba və Qar qızın çıxışı əsgərlərdə xoş duyğular yaradıb. Teatr 5 yanvar tarixinədək digər hərbi hissələrdə bayram proqramı ilə çıxış edəcək.