Şəki Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qax rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan proqramda Uşaq incəsənət məktəbinin “Tumurcuq”, Alatəmir kənd klubunun “Mze” rəqs qruplarının çıxışları izləyicilərə bayram ovqatı yaşadıb.

* * *

Bərdə Regional Mədəniyyət İdarəsində ilin yekunlarına həsr olunmuş Şura iclası keçirilib. İdarənin rəisi İlyas Hacıyev il ərzində görülən işlər, əldə olunmuş nəticələr və mövcud nöqsanlar barədə danışıb.

Şuranın katibi Validə Nabatova 2018-ci il ərzində regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin respublika və beynəlxalq tədbirlərdə iştirakı, qazanılmış nailiyyətlər haqqında məlumat verib.

Şuranın üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynov və digər çıxış edənlər regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyətindən söz açıblar.

* * *

Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzinin əhatə dairəsinə  50 klub müəssisəsi daxildir. Mərkəz tərəfindən ənənəvi olaraq müxtəlif festivallar, sərgilər keçirilir. 2018-ci ildə “Lənkəran payızı” adlı folklor festivalı 6-cı, “Bizim qala” diyarşünaslıq sərgisi 3-cü dəfə keçirilib. Diyarşünaslıq sərgisində 45, folklor festivalında 50 klub müəssisəsi iştirak edib. Hər iki tədbir 83 kəndi, 8 qəsəbəni, 2 şəhəri əhatə edib. İlin yekununa əsasən, sərgi və festivalın qalibləri və fərqlənən iştirakçılar diplomlara layiq görülüb.

* * *

Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə bir həftədən artıq davam edən bayram şənliklərində maraqlı konsertlər təqdim olunub.

Silsilə konsertlərdə Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivlərinin – “Təravət” ansamblının (bədii rəhbər Sakit Müslümov), “Masallı” rəqs qrupunun (baletmeystr Gündüz Babayev) çıxışları maraqla qarşılanıb.

* * *

Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Neftçala Uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət ansambl Bakıda, Cövdət Hacıyev adına 3 saylı Musiqi məktəbində konsert proqramı ilə çıxış edib.

Qonaq məktəbin direktoru İlqar Rəhimli tamaşaçıları salamlayaraq göstərilən diqqətə görə təşəkkürünü bildirib. Sonra şagirdlər musiqi nömrələrini təqdim ediblər. Proqramda İ.Bax, V.Motsart, F.Mendelson, F.List, T.Quliyev kimi dünya və Azərbaycan bəstəkarlarının əsərləri, “Küçələrə su səpmişəm” xalq mahnısı səslənib. Ümumilikdə 12 musiqi nömrəsinin təqdim olunduğu konsert tamaşaçıların zövqünü oxşayıb.